REGİONLAR
Müayinələrə yüksəkixtisaslı həkim və orta tibb işçiləri cəlb olunublar
Zaqatala, 16 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ölkə vətəndaşlarının kütləvi tibbi müayinə aksiyası Zaqatala rayonunda da uğurla icra olunur. Üç ay davam edəcək aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 77 mindən çox sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Fevralın 12-də başlanan aksiyanın ilk dörd günündə artıq 3 min 824 rayon sakini müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə ediblər.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Məcid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müayinələr rayonun 5 tibb müəssisəsində - mərkəzi xəstəxananın konsultativ poliklinika şöbəsi, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd sahə xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilir. Müayinələrə yüksəkixtisaslı həkim və orta tibb işçiləri cəlb olunublar. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqada ucqar kəndlərdə yaşayan, xəstəxanalara getmək imkanı olmayan sakinləri evlərində tibbi müayinədən keçirir.
Baş həkimin sözlərinə görə, bu günədək müayinədən keçənlərin 264 nəfərinə ambulator müalicə təyin olunub, 6 nəfər isə stasionar müalicəyə cəlb edilib.
Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinə hər gün yüzlərlə sakin müraciət edir. İnsanlar yaradılmış bu imkandan maksimum yararlanmaq istəyirlər. Poliklinikanın müdiri Məmmədrəsul Teyyubovun bildirdiyinə görə, müayinə olunanlar arasında mövsümlə əlaqədar yuxarı tənəffüs orqanlarının kəskin respirator, həmçinin ürək-damar, qan təzyiqi və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir. Belə xəstələrə lazımi məsləhətlər verilir, müalicə təyin edilir.
Poliklinikada müayinə olunan rayonun Dağlı kənd sakinləri Bəşir və Səfiyyə Məmmədovlar, Zaqatala şəhər sakini Nurullah Bəşirov və başqaları insanların sağlamlığının qorunmasına yönələn bu nəcib təşəbbüsə görə rayon sakinləri adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.