DÜNYA
Mübahisəli layihə: Avropa sərhədlərində yalan detektorları sınaqdan keçiriləcək
Vyana, 3 noyabr, AZƏRTAC
Avropa sərhədlərində yalan detektorlarından istifadə edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, miqrant axınını nəzarətdə saxlamaq üçün müxtəlif vasitələrə əl atan Avropa ölkələri Avropa İttifaqının sərhəd agentliyi FRONTEX-in kadr potensialı və texniki təchizatını yaxşılaşdırmağa çalışırlar. Növbəti yenilik isə Aİ-nin maliyyələşdirdiyi “iBorderCtrl” tədqiqat layihəsi çərçivəsində İttifaq sərhədlərində yalan detektorlarının sınaqdan keçirilməsidir.
Avropa Komissiyasından layihə barədə yayılan açıqlamada bu yolla Aİ sərhədlərində hərəkətin sürətlənəcəyi və təhlükəsizliyin artırılacağı qeyd edilib. Məqsəd avtomatlaşdırılmış sərhəd nəzarəti sistemində səyahətçilərin verilən suallara doğru-yanlış cavablandırmasını müəyyənləşdirməkdir. Eyni zamanda, bu addım Avropanın sərhəd mühafizəsi məmurlarının gərgin fəaliyyətini dəstəkləməlidir. Hər il Avropa İttifaqı ərazisinə 700 milyondan artıq turist gəlir və sürətlə artan bu göstərici sərhəd nəzarətində müasir texnologiyaların payını artırmağı tələb edir.
“European Dynamics” texnologiya şirkətinin təqdim etdiyi ağıllı detektor sistemi avtomatlaşdırılmış sual-cavab kataloqundan ibarətdir. Səyahətçi sualları cavablandırarkən onun üz mimikası və jestləri detektor tərəfindən qeyd edilir və bu da növbəti mərhələdə sərhədçilərin işini asanlaşdırmağa kömək edəcək.
Alimlər və hüquq müdafiəçiləri sınaq müddətində olan layihəni tənqid ediblər. Bir tərəfdən yalan detektorlarının elmi əsaslara söykənməməsi, digər tərəfdən isə əldə edilən şəxsi məlumatların qorunması ilə bağlı suallar ekspertləri narahat edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana