CƏMİYYƏT


Mübariz İbrahimova xüsusi rəğbəti var idi, indi onunla bir xiyabanda uyuyur...

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova xüsusi sevgi və rəğbəti var idi. Özünə də onunla bir xiyabanda uyumaq qismət oldu...

Doğum günü Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi tarixi ilə bir gündədir – 8 noyabrda. O, ikinci dəfə doğum gününü cənnətdə, xalqın sevincinə ən uca zirvədən boylanaraq qeyd edəcək. Bu gün isə müzəffər Ordunun qalib əsgərinin şəhadətindən bir il ötür...

Mustafayev Nurlan Ağa oğlu 1991-ci il noyabrın 8-də Bakı şəhərində anadan olub. Ailədə 3 qardaş, bir bacı olublar. Orta təhsilini Yasamal rayon 286 saylı məktəbdə alan Nurlan hər zaman sakit təbiəti, tərbiyəsi və savadı ilə müəllim və sinif yoldaşlarının xüsusi hörmətini qazanmışdı. 2009-cu ildə orta məktəbi bitirərək həqiqi hərbi xidmətə yollanıb. Ağdamda “N” saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayanda könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edən Nurlan sentyabrın sonlarından təlimlərə, ardınca isə Xocavənd istiqamətində döyüşlərə qoşulub. Oktyabrın 14-də Hadrut qəsəbəsində “Yüksək təpə” adlanan ərazidə gedən döyüşlər zamanı şəhid olub. O, II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin qardaşı Tərlan Mustafayev AZƏRTAC-a müsahibəsində Nurlanla əkiz olduqlarını, orta məktəbdə bir sinifdə oxuduqlarını, hərbi xidməti bir yerdə keçdiklərini deyib: "Təkcə Vətən müharibəsində hərbi komissarlığa gizlin müraciət etdiyi üçün onunla çiyin-çiyinə vuruşa bilmədim. İlk dəfə onu ən vacib anda tək qoydum. Sonra da özüm tək qaldım. İndi mənim bir yarım İkinci Şəhidlər xiyabanındadır. Mən həm qardaşımı, həm sinif yoldaşımı, həm də hərbi xidmət yoldaşımı itirmişəm...

Əkiz olsaq da, Nurlan məndən sonra dünyaya gəldiyi üçün sonbeşik sayılırdı. Ona görə mən daxil olmaqla hər kəs onu evin kiçiyi kimi görürdük. Onunla 11 il bir parta arxasında oturub, o illər ərzində məktəb yollarını birlikdə gedib-gəlmişik. Nurlanla Ağdamda hərbi xidmət keçmişik. O zamanlar torpaqlarımız işğalda olduğu üçün Ermənistan silahlı qüvvələri tez-tez atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tuturdular. Nurlanla qərara gəldik ki, Ağdamda olduğumuzu ailə üzvlərimizə, xüsusilə də anamıza bildirməyək.

Qardaşım öz təbiətinə, mehriban və səmimi xarakterinə görə onu tanıyan hər kəsin rəğbətini qazana bilmişdi. Hərbi xidmətdən sonra kombi ustası işləyirdi. Həm xarakterinə, həm də işinə peşəkar və diqqətlə yanaşdığına görə qısa müddət ərzində Nurlan iş yoldaşları arasında da hörmət qazanmışdı.

İkinci Qarabağ müharibəsi başlayanda evdə heç kimə demədən könüllü olaraq hərbi komissarlığa müraciət edib. Bundan sentyabrın 29-u xəbər tutduq. Həmin gün Nurlan günorta işdən evə gələrək hərbi biletini götürüb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon idarəsinə getdi. Ona gecə saat 4-də gəlməyi tapşırdılar. Biz də Nurlanla idarənin qarşısında səhərə kimi gözlədik. Əvvəlcə təlimlərdən keçib, sonra döyüş bölgəsinə yollanmışdı. Onunla imkan olduqca danışırdıq. Hər danışanda narahat olmamağımız üçün əhvalını pozmur, “hər şey yaxşı olacaq, işğalçıları torpaqlarımızdan yavaş-yavaş təmizləyirik, sonda qalib biz olacağıq” deyirdi. Lakin hiss edirdim ki, orada hansı çətinliklər və təhlükələrlə üz-üzə qalır.

Nurlan əsasən Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları Nurlandan ağızdolusu danışdıqca onunla bir daha fəxr edirəm. Öz yeməyini onlarla bölür, silahdaşlarının qayğısına qalırmış. Hətta evli olan döyüş yoldaşlarına “mən subayam, siz isə ailəlisiniz, övladlarınız var. Mən öndə gedəcəyəm, siz arxadan gələrsiniz. Sizə bir şey olmasın, uşaqlarınız atasız böyüməsin. Mən də atamı erkən itirmişəm, atasızlığın nə olduğunu bilirəm. Siz sağ-salamat ailənizin, uşaqlarınızın yanına dönün”, deyirmiş. Nurlan heç vaxt birinci özünü fikirləşməzdi. Hətta müharibənin qızğın dövründə belə döyüş yoldaşlarını, onların ailə və uşaqlarını özündən əvvəl düşünüb”.

Qardaşı Nurlanın son döyüşü haqqında məlumat verərək deyib: “Nurlanın xidmət etdiyi bölük Hadrut istiqamətində dörd gecə dayanmadan yol gedib. Qida və suları bitsə də dayanmayıb, Hadrutda “Yüksək təpə” deyilən yerə çatıblar. Komandirləri onları mövqelərə ayırıb. Nurlan komandiri ilə birgə davam edəcəyini israrla bildirib. O, komandiri və gizir olan silahdaşı birgə mövqe tutublar. Oktyabrın 14-də günorta saat 15 radələrində qəfildən düşmənin pusqusuna düşüblər. Son nəfəslərinə kimi düşmənlə döyüşüblər. Hər üçü həmin döyüşdə şəhid olub.

Həmin gün ürəyimdə narahatlıq var idi. Pis bir hadisə olacağını hiss edirdim. Nurlan şəhid olan vaxtda narahatlığım, təşvişim ikiqat artmışdı. Amma qardaşımı itirmək haqqında düşünmək istəmirdim. Mən onu qalib əsgər kimi çiynində üçrəngli bayrağımızla gözləyirdim. O, üçrəngli bayrağa bükülərək gəldi. Həmişə ucalarda görmək istədiyi bayraq indi həyətimizdə, Nurlanın məzarı başında dalğalanır. Nurlan hər zaman düşmənlə döyüşməyə, ərazi bütövlüyümüzü bərpa etmək üçün gələcək əmrə hazır idi. Hiss edirəm ki, qardaşımın yeri rahatdır, ruhu şaddır. Çünki döyüş yoldaşları onun qisasını yerdə qoymadılar. Həm də ərazi bütövlüyümüz bərpa olundu, hər bölgəmizdə üçrəngli bayrağımız ucaldıldı. Nurlanın Mübariz İbrahimova xüsusi rəğbəti var idi. Həmişə deyirdi: “onun kimi bir qəhrəmanla, eyni ölkənin vətəndaşı olmağımla fəxr edirəm, belə oğulların qanı yerdə qalmamalıdır”. Qardaşım fəxr etdiyi Mübariz İbrahimovun da qisasını aldı. Həm də Nurlana Mübariz İbrahimovla bir xiyabanda əbədi məkan tutmaq nəsib oldu. Nurlanla fəxr edirəm. O və onun timsalında bütün hərbi qulluqçularımız Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha göstərdilər”.

Bu gün yaxınları, doğmaları Nurlanı məzarı başında anmağa yığışmışdılar. Məzarı qərənfil yağışına qərq olmuş, döyüş yoldaşları xatirələrini danışmış, sevənləri qürur qarışıq göz yaşlarını saxlaya bilməmişdilər.

Nurlanın baş daşına həkk olunan hərbi formalı şəkli gülümsəyən siması və məğrur baxışları ilə tamamlanıb. Bəlkə də həmin fotonu çəkdirəndə ürəyinə daman qələbə sevinci simasına təbəssüm, yüksələcəyi şəhidlik zirvəsi isə baxışlarına ölümə və düşmənə meydan oxuyan məğrurluğu yansıdıb. Şəhadətin mübarək, igid əsgər! Ölümünlə ölümsüzlüyə qovuşdun, uyuduğun məkan isə xalqımız üçün əbədi ziyarətgaha çevrildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.