SİYASƏT
Mübariz Qurbanlı: Ermənistanın işğalçılıq siyasəti böyük bir regionda mədəniyyətlərarası dialoqa ciddi təhdiddir VİDEO
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 1-də Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, bu baxımdan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yalnız Avropa Şurasının üzvü olan bir dövlətin digərinə təcavüzü kimi deyil, eyni zamanda, böyük bir regionda mədəniyyətlərarası dialoqa, demokratik Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə, habelə, sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməlidir. O əlavə edib ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkə kimi Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələri sülh şəraitində birgə yaşayırlar. Tarix boyu ölkəmizdə yaşayan bütün xalqları və müxtəlif dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamalarında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb. Biz çox şadıq ki, indi Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu dəyərlər sistemi daha da güclənməkdədir.