İDMAN


“Mübarizlər” yarışının qalibləri mükafatlandırılıb

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində “Gilan Holding”, FHN, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov turnir haqqında məlumat verib. Bildirilib ki, yarışda iştirak üçün 680 nəfər qeydiyyatdan keçib. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək super finala vəsiqə qazanacaqlar. Azərbaycanın qüdrətli idman ölkəsi olduğunu vurğulayan layihə rəhbəri təşkilati dəstəyə görə FHN-ə, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinəvə “Gilan Holding”ə təşəkkürünü bildirib.

Diqqətə çatdırılıb ki, ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran “Mübarizlər” layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Ötənilki yarışdan fərqli olaraq, bu mövsüm “Mübarizlər” layihəsində hər iki formatda iştirak edənlər üçün pul mükafatı nəzərdə tutulub. Yarışın ümumi mükafat fondu 15 min manatdır.

Sonra yarışlara start verilib. Qaydalara əsasən, iştirakçılar 5 kilometrlik trası qət edib, habelə uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar. Nəticədə sentyabrda keçiriləcək super finala vəsiqə qazanan komandalar və fərdi iştirakçılar müəyyənləşdirilib.

Kişilərin fərdi yarışında birinci yeri Sergey Silin, ikinci yeri İvan Degtaryov, üçüncü yeri isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cəlal Süleymanov tutub.

Qadınların fərdi yarışında birinci yerdə Anna İvanova, ikinci və üçüncü yerlərdə müvafiq olaraq Anastasiya Mixina və Natalya Molodsova qərarlaşıb.

Komanda hesabında “TT Fayt” komandası birinci olub. Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” komandası ikinci, “Tağım 4” komandası üçüncü yerə çıxıb.

Qaliblərə medal, kubok, diplom və pul mükafatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.