CƏMİYYƏT


Müdafiə Nazirliyi: Hərbi hissələrdə və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur

Bakı, 3 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən gecə elektrik enerjisinin verilməsinin müvəqqəti kəsilməsi ilə əlaqədar hərbi hissələrdə və ön xətt bölmələrində hər hansı problemin olub-olmaması barədə AZƏRTAC-ın sorğusunu cavablandırıb.

Nazirlikdən bildiriblər ki, hərbi infrastrukturun fəaliyyətinin tam şəkildə təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisinin verilişində hər hansı problem yarandıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür. Dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun bütün hərbi hissələrində, xüsusilə ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir.

“Müdafiə Nazirliyi ehtiyac yaranacağı halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də fəaliyyətinin təmin olunması üçün lazımi səviyyədə enerji ilə təchiz edilməsinə kömək göstərməyə hazırdır”, - deyə açıqlamada bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.