ORDU
Müdafiə Nazirliyi Uşaq Evində “Gənclərimiz - parlaq gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirib
Bakı, 10 sentyabr, AZƏRTAC
Şəkidəki qarışıq tipli uşaq evində balacaların asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Gənclərimiz - parlaq gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə 2016-cı ilin Aprel döyüşlərinin qaziləri, cəbhə bölgəsində yerləşən hərbi hissənin və Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Füzuli Dövlət Dram Teatrının kollektivi iştirak edib.
Çıxış edənlər körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğının daim böyük rəğbətlə qarşılandığını və ölkəmizdə prioritet məsələ sayıldığını vurğulayıblar.
Görüşün sonunda uşaqlara müxtəlif növ geyim dəstləri və yeni dərs ilinin başlaması ilə əlaqədar məktəbli ləvazimatları təqdim olunub.
Tədbirdə Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən göstərilən müxtəlif səhnəciklər və konsert proqramı maraqla izlənilib.