SİYASƏT


Müdafiə Nazirliyi: Vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq

Bakı, 7 yanvar, AZƏRTAC 

Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə edilir. Həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı, Müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, hərbi geyim formalarının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir.

Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd edilib.

“Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən, hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bütün vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.