SİYASƏT
Müdafiə Nazirliyi məlumat yayıb
Bakı, 8 iyun, AZƏRTAC
Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.
A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.
Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib: “Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək, ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik”.