ORDU
Müdafiə Nazirliyi və Füzuli Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycan Respublikası Gənclərinin birinci Forumunun təşkili və 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətində mühüm rolu var. Azərbaycan əhalisinin 31, ordunun 75 faizini təşkil edən gənclər ölkəmizin hərbi qüdrətinin artırılmasında, cəmiyyətimizin inkişafında böyük xidmətlər göstərərək dövlət və ordu quruculuğunda fəal rol oynayırlar.
Sonda tədbir vətənpərvərlik ruhlu konsert proqramı ilə davam edib.