SİYASƏT
Müdafiə Nazirliyinin bəyanatı: Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində çoxlu sayda mülki şəxsin həlak olması və yaralanması ilə əlaqədar bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir: “Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli məsafədə yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.
Oktyabrın 10-u və 11-i tarixlərində müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür”.