CƏMİYYƏT
Müdafiə Nazirliyinin əməkdaşları veteranlarla görüşüblər
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında
Müdafiə Nazirliyinin əməkdaşları ilə İkinci Dünya müharibəsi veteranları arasında görüş keçirilib.
Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov faşizmə qarşı mübarizə tarixindən danışıb. Azərbaycan xalqının istər faşizmə, istərsə də erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını vurğulayan polkovnik dövlətin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayıb.
Sonra çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov İkinci Dünya müharibəsində faşizmə qarşı aparılan mübarizənin əhəmiyyətindən bəhs edib. Həm ulu öndər Heydər Əliyevin, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi veteranlarına böyük diqqət yetirdiyini, onları gənclərə nümunə göstərdiyini qeyd edən polkovnik Elvin Əzizov veteranların, şəhidlərin göstərdiyi qəhrəmanlığın tarixin yaddaşında əbədi yaşayacağını bildirib.
Daha sonra polkovnik Elvin Əzizov Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya Müdafiə Nazirliyi adından gül dəstəsi bağışlayıb, müharibə veteranlarına hədiyyələr təqdim edib.
Təşkilatın sədri Fatma Səttarova veteranlara göstərdiyi diqqətə görə Müdafiə Nazirliyinə minnətdarlığını çatdırıb. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarix yazdığına diqqət çəkən təşkilat sədri şəhidlərin, qazilərin qarşısında baş əydiyini bildirib.
Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov isə çıxışında ordu quruculuğu prosesindən, Ulu Öndərin bu sahədəki xidmətlərindən danışıb.
Sonda Fatma Səttarova və Cəlil Xəlilov Müdafiə Nazirliyi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə təltif ediliblər.