SİYASƏT
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-da Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyublar.