CƏMİYYƏT


Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb VİDEO

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Parisdəki “Villepinte” sərgi mərkəzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) də təmsil olunduğu “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə MSN-in müəssisələrində istehsal edilən 270 addan çox silah sistemləri, müxtəlif çaplı döyüş sursatları, “Tufan”, “Matador”, “Marauder” kimi zirehli və mina əleyhinə nəqliyyat vasıtələri, “Gürzə” patrul maşını nümayiş olunur. NATO standartlarına tam cavab verən “Yalquzaq” (7,62 mm) və “Vaşaq“ (8,6 mm) snayperləri, hücum pulemyotu (62 mm, HP-7,62), eləcə də məsafədən idarə olunan döyüş modulu sərgi iştirakçılarının və ziyarətçilərin diqqətini xüsusilə cəlb edib. Silahla (12,7 mm) təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu və “NST-14,5” iriçaplı snayper tüfəngi ilk dəfə bu sərgidə nümayiş etdirilir. “EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan MSN-in nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərginin birinci günündə Baş nazirin birinci müavini Yaqub Eyyubovun və müdafiə sənayesi naziri Yavər Camalovun Fransanın “Thales” şirkətlər qrupunun regional direktoru ilə görüşü olub. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin nazir Yavər Camalovun Fransanın “Nexter” şirkətinin nümayəndə heyəti ilə görüşündə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.

Eyni zamanda, Yavər Camalov Almaniyanın “Rheinmetall” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Görüşlərdə Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı namizədliyinin dəstəklənməsi barədə geniş müzakirələr aparılıb.

Sərgidə iştirak edən şirkətlər Azərbaycanın stendinə və ölkəmizin hərbi təyinatlı məhsullarına böyük maraq göstəriblər.

“EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-dək davam edəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.