ORDU
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar “IDEX-2015” sərgisində nümayiş etdirilir







Bakı, 23 fevral, AZƏRTAC
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “IDEX-2015” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdədir.
MSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 22-də öz işinə başlayan “IDEX-2015” sərgisində dünyanın 55 ölkəsinin qabaqcıl şirkətləri iştirak edir.
Müdafiə Sənayesi Nazirliyi ikinci dəfə qatıldığı “IDEX” sərgisində 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirir. Beynəlxalq sərgidə “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə sərgilənən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanır.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də MSN-in stendini ziyarət edib, nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.
Sərginin ilk günü nazir Yavər Camalovun tədbirə qatılan ölkələrdən bir neçəsinin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub.
“IDEX-2015” beynəlxalq müdafiə sərgisi öz işini fevralın 26-dək davam etdirəcək.