CƏMİYYƏT


Müdafiə Sənayesi Nazirliyinin qatıldığı “ARMY-2019“ Beynəlxalq Hərbi-Texniki Forumunun açılışı olub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumunun açılışı olub.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Rusiya Federasiyası Baş nazirinin müavini Yuri Borisov foruma qatılan nümayəndə heyətlərini salamlayıb və altı gün davam edəcək sərgidə iştirakçı dövlətlərə uğurlar arzulayıb.

Açılışda Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunur. Milli pavilyonda nazirlik əsasən ixracyönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Məmulatlar arasında xaricdə keçirilən beynəlxalq sərgiyə ilk dəfə çıxarılan məhsullar da var.

Sərginin birinci günündə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu, Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Baris Abnosov və “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Baris Abnosov ilə görüşü olub. Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

“Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev ilə görüşdə isə birgə əməkdaşlıq layihələri haqqında geniş müzakirələr aparılıb, çərçivə sazişinin hazırlanaraq yaxın zamanlarda imzalanmasına dair razılıq əldə olunub.

“ARMY-2019” sərgisi işini iyunun 30-dək davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.