CƏMİYYƏT


Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumat turu təşkil edilib

Bakı, 13 may, AZƏRTAC

Gənclərin yüksək texnoloji biliklərə yiyələnməsi, qabaqcıl təcrübəni mənimsəməsi, dünyagörüşlərinin genişləndirilməsi dövlətin təhsil sahəsində qarşıya qoyduğu prioritet vəzifələrdəndir.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər əsasında insan kapitalının formalaşdırılması işində yaxından iştirak edən MSN-nin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə mayın 12-də nazirliyin müəssisələrinin birində Xəzər rayonunun 120, 156, 234 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumat turu təşkil edilib. Tədbirdə çıxış edən nazirliyin məsul əməkdaşları əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildiriblər. Eyni zamanda müstəqilliyin qorunmasının, dövlətin iqtisadi gücünün artırılmasının yüksək ixtisaslı kadrların yetişdirilməsindən asılı olduğunu da qeyd ediblər. Bu baxımdan Azərbaycanda da gənclərin dövlətin gələcək həyatında önəmli rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasət yürüdüldüyünü vurğulayıblar. Azərbaycanda son illər elmin, yeni texnologiyaların, kosmik sənayenin inkişafına böyük diqqət yetirildiyi, sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyinin təminatı yolunun məhz bu sahələrin inkişafından asılı olduğu qeyd edilib, onların müasir tələblər səviyyəsinə çatdırılmasında gənclərin potensialından düzgün istifadənin zəruriliyi barədə danışılıb.

Tur iştirakçıları Müdafiə Sənayesi Nazirliyinin müasir tələblərə cavab verən sərgi salonunda müəssisələrdə istehsal edilən atıcı silah və sursatlarla, eyni zamanda yeni texnoloji məmulatların nümunələri ilə də tanış olaraq hərbi təyinatlı məhsullar barədə ətraflı məlumatlar əldə ediblər.

Sonda nazirlik tərəfindən nəfis tərtibatda hazırlanan, virtual keçidlərlə zəngin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu dövlətçilik siyasətindən, MSN-in fəaliyyətindən, eləcə də bu qurumun 44 günlük Vətən müharibəsində verdiyi töhfələrdən, şəhid əməkdaşlarının və müharibə iştirakçısı olan işçilərinin döyüş yolundan bəhs edən “Tarix yazan qəhrəmanlar” nəşri həmin təhsil ocaqlarının kitabxanalarına hədiyyə edilib.

Təmsil etdikləri məktəblərin kollektivləri adından çıxış edən şagird və müəllimlər müdafiə sənayesi naziri Mədət Quliyevə mütəmadi təşkil olunan maraqlı və geniş informasiya tutumlu turlara görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin davamlı olmasını arzuladıqlarını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.