ORDU
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 16-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub, əsaslı təmir-tikinti prosesinin həyata keçirildiyi obyektlərə baxış keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir inşaatın gedişi ilə bağlı verilmiş tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlər barədə də müvafiq göstərişlər verib.