ORDU
Müdafiə naziri cəbhə boyunda yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsini yoxlayır
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsini yoxlayır.
Müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi görülən işlər, şəxsi heyət tərəfindən döyüş tapşırığının yerinə yetirilməsinin vəziyyəti, hərbi qulluqçuların vəzifə borclarını bilməsi və qarşıya qoyulan tapşırıqların praktiki icrası ilə maraqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artilleriya hərbi hissəsində qoşunların silahlanmasına yeni daxil edilmiş müasir texnikalara baxış keçirilərkən onların səmərəli istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib.
Əsgər yeməkxanasında nahar edən müdafiə naziri hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial şəraiti ilə maraqlanıb, tibb müəssisəsində müalicə olunan hərbi qulluqçularla görüşüb.
Hərbi hissələrin ərazisində təmir-tikinti işlərinin aparıldığı obyektlərdə və əsgər kazarmalarında olan Z.Həsənov şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın təşkili ilə bağlı tapşırıqlarını verib.