SİYASƏT


Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi hissədə olub

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlara əsasən cəbhəboyu zonanın müxtəlif istiqamətlərində yeni hərbi obyektlərin tikintisi davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olub.

Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaq.

Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, zabit və əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda, hərbi qulluqçuların yaşayışı və xidməti-döyüş tapşırıqlarını yerinə yetirmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana-hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub.

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.