ORDU
Müdafiə naziri müxtəlif ixtisaslar üzrə rəhbər zabit heyəti ilə görüşüb
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər zabit heyəti, hərbi hüquqşünaslar, psixoloq kurslarının dinləyiciləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının müəllim və professor heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müasir dövlətçiliyimizin banisi və Silahlı Qüvvələrimizin yaradıcısı olan ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev son vaxtlar ordunun mənəvi-psixoloji, tərbiyə işinin yüksəldilməsi istiqamətində dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin önəmini qeyd edib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin müasir inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.
Nazir hazırda bir çox bölgələrdə şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı tikinti və təmir işlərinin həyata keçirildiyini, çoxsaylı müasir silah və texnika alındığını, hərbi hissələrin məişət-təsərrüfat fəaliyyətinin yenidən qurulduğunu vurğulayıb.
Ölkə rəhbərliyinin göstərdiyi yüksək etimada cavab olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən müdafiə naziri torpaqlarımızın 20 faizinin tezliklə işğaldan azad edilməsi naminə hər kəsin vəzifə borcunu yerinə yetirmək üçün özündə məsuliyyət hiss etməsini bir daha diqqətə çatdırıb.
Ölkəmizin ərazi bütövlüyünün istənilən yolla bərpa ediləcəyinə əminliyini ifadə edən Z.Həsənov şəxsi heyətin tərbiyə işini və mənəvi-psixoloji hazırlığını müasir tələblər səviyyəsinə yüksəltmək üçün bu sahəyə cavabdeh olan zabitlərin, həmçinin kadr bölmələri işçilərinin, hərbi hüquqşünasların və psixoloqların qarşısında duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.