Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddə 1324, № 11, maddə 1325, № 12 (I kitab), maddə 1428, № 12 (I kitab), maddə 1430; 2021, № 1, maddə 9) 2-ci maddəsinə “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalı;

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı;”.

Maddə 2. “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2021-ci il

Azərbaycan Respublikasının
2021-ci il 14 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
 
“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)”
Azərbaycan Respublikasının yubiley medalı haqqında
Əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında müdafiə sənayesi fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Azərbaycan Respublikasının
2021-ci il 14 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
 
“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)”
Azərbaycan Respublikasının yubiley medalının təsviri
 
Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) qızılı rəngli, hamar şüalı və itibucaqlı səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində aşağıdan yuxarıya doğru uzanan dəfnə budaqları təsvir olunmuşdur. Yazılar və dəfnə budaqları qızılı rəngdədir.

2.2. Daxili çevrənin aşağı hissəsində yuxarıya doğru uzanan iki dəfnə budağından və budaqların qovuşduğu hissədə təsvir olunmuş iki dəfnə meyvəsindən ibarət dəfnə çələngi təsvir edilmişdir. Qızılı rəngli daxili çevrənin mərkəzində kursivlə “15” rəqəmləri, “5” rəqəminin aşağı qövsünün içərisində isə “il” sözü yazılmışdır. “15” rəqəmləri ilə dəfnə çələngi arasında “2005-2020” rəqəmləri həkk olunmuşdur.

2.3. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində dörd sətrə bölünməklə “AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri, onun altında daha qalın şriftlə “2005-2020” rəqəmləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissəsinə müvafiq olaraq 40 mm x 5.5 mm və 40 mm x 6.5 mm ölçüdə qızılı rəngli metal lövhələr bərkidilmiş 37 mm x 50 mm xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 23 mm enində zeytun rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 2 mm enində qızılı rəngli və 5 mm enində zeytun rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 

Azərbaycan Respublikasının
2021-ci il 14 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
 
“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının
medalı haqqında 
 
ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan Respublikasının
2021-ci il 14 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

“Müdafiə sənayesi sahəsində əməkdaşlıga görə” Azərbaycan Respublikasının medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) qızılı rəngli, hamar şüalı və səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində səkkizguşəli ulduz təsvir olunmuşdur. Yazılar və ulduzlar qızılı rəngdədir.

2.2. Daxili çevrənin üzərində qızılı rəngli fonda üç sətrə bölünməklə “MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri yazılmış və sözlərin altında snayper tüfəngi təsvir edilmişdir. Yazı və tüfəng fonunda Azərbaycan Respublikasının xəritəsinin konturları təsvir edilmişdir.

2.3. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində dörd sətrə bölünməklə qızılı rənglə “AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst hissəsinə 40 mm x 5.5 mm ölçüdə qızılı rəngli metal lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 15 mm enində qızılı rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 5 mm enində zeytun rəngli, 2 mm enində qızılı rəngli və 4 mm enində zeytun rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin