CƏMİYYƏT
Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir
Bakı, 10 iyul, AZƏRTAC
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, təntənə ilə keçirilən yolasalma mərasimlərində çağırışçıları hərbi xidmətə qurumun yerli strukturlarının şəxsi heyəti, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları yola salıblar.
Gəncə şəhər Kəpəz rayonunda keçirilən tədbirin iştirakçıları və çağırışçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
SHXÇDX Kəpəz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abbasov hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçıları təbrik edib, ulu öndər Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında tarixi xidmətlərindən danışıb.
Respublika Veteranlar Təşkilatının Gəncə şəhər şöbəsinin sədri Yusif Məmmədov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Kəpəz rayon filialının sədri Məmməd Rəhimov, çağırışçılara müqəddəs vəzifələrini yerinə yetirməkdə uğurlar arzulayıblar.
Tədbir hərbi orkestrin iştirak etdiyi konsert proqramı və “N” saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları ilə davam etdirilib.
Oğuz rayonunda keçirilən mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin rəisi, polkovnik-leytenant Zöhrab Camalov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə həyata keçirilən islahatlar nəticəsində ordumuzun daha da gücləndiyini, hərbçilərimizin döyüş ruhunun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülmüş işlərdən söz açıb.
Valideynlər adından çıxış edən Rövşən Ağababayev övladlarını hərbi xidmətə böyük sevinc hissi ilə yola saldıqlarını, onların Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi şərəfli missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini bildirib.
Çağırışçı Zakir İsmayılov bu günün onlar üçün əlamətdar olduğunu bildirərək şanlı ordumuzun sıralarında nümunəvi xidmət edəcəklərinə yoldaşları adından söz verib.
Tədbirin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.