ELM VƏ TƏHSİL
“Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları” monoqrafiyası nəşr olunub
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları” monoqrafiyası nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, müəllif kitabda geniş elmi axtarışlara əsaslanaraq, müasir nəzəri-metodoloji yanaşmalar kontekstində Azərbaycan folklorunda Müdrik Qoca arxetipi və onun çoxlu sayda təzahür səviyyələrini şərh edib. Tədqiqatda Müdrik Qoca arxetipinin təzahür səviyyələri, obraz paradiqmaları, sosiokulturoloji aspektləri, emosional özünüifadə modelləri müəyyənləşdirilib.
Monoqrafiya Müdrik Qoca arxetipinin folklor transformasiyalarının müəyyənləşdirilməsi baxımından folklorşünaslığımız üçün böyük əhəmiyyət daşıyır. Müəllif tədqiqatını xalqın kollektiv yaddaşını özündə ehtiva edən mifoloji mətnlər, atalar sözləri və deyimlər, əfsanə, rəvayət, lətifə, memuar, nağıl, dastan və epos üzərində aparmaqla Müdrik Qoca arxetipinin emosional özünüifadə modellərini geniş araşdırıb.
“Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, rəyçiləri filologiya elmləri doktorları Seyfəddin Rzasoy, Xatirə Bəşirli və filologiya üzrə fəlsəfə doktoru Etibar Talıblıdır.
Azərbaycan folklorunda Müdrik Qoca arxetipinin araşdırılması zamanı Avropa və Amerika folklorşünaslığının nəzəri-metodoloji təcrübəsindən istifadə olunub, folklor mətnləri yeni baxış bucağından tədqiqata cəlb edilib. Monoqrafiya ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.