CƏMİYYƏT


Müdrik siyasi xadim Heydər Əliyev səhiyyə sahəsinə həmişə diqqət və qayğı göstərib

Bakı, 11 may, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib.

ADHTİ-dən AZƏRTAC-a verilən məlumata görə, konfransda çıxış edən institutun rektoru, professor Nazim Qasımov Ulu Öndərin doğum gününün ölkəmizdə milli bayram statusu daşıdığını bildirib: “Dahi şəxsiyyətin doğum günü hər il həm Azərbaycanda, həm də azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Belə insanları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir. Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır. Heydər Əliyev şəxsiyyəti, onun həyatı və fəaliyyəti haqqında yüzlərlə kitab yazılıb, filmlər çəkilib. Bir dövlət xadimi kimi onun xalqı və vətəni üçün gördüyü işlər tədqiqatçıların elmi araşdırmalarının mövzusuna çevrilib.

Uzaqgörən siyasətçi rəhbərliyi dövründə daim tərəqqisi üçün çalışdığı, doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Görkəmli dövlət xadiminin hakimiyyətdə olduğu dövrlər Azərbaycanın intibah dövrüdür. Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülüb, bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilib. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olub”.

Rektor qeyd edib ki, Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək atdığı addımlardan biri də gənclərimizin gərəkli ixtisaslara yiyələnmələri üçün keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Heydər Əliyev səhiyyə sahəsinə də həmişə diqqət və qayğı göstərib. Möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Azərbaycan dünyada böyük nüfuza malik olan ölkə kimi tanınır, dövlətimiz bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur. Hazırda ölkəmiz mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzadılmasına xidmət edir. Tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.

Sonra konfransda dosent E.Ə.Qədimova “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, dosent N.R.Hüseynova “Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında rolu”, dosent A.Z.Əfəndiyev “Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafında rolu”, rezident A.C. Səfixanova “Heydər Əliyev və gənclər siyasəti” mövzularında çıxışlar ediblər.

Konfransın ikinci hissəsində institutun gənc alim və rezidentləri apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışlarını təqdim ediblər. Terapiya, şüa diaqnostikası, otorinolarinqologiya, mamalıq və ginekologiya, nevrologiya və klinik neyrofiziologiya və terapiya kafedralarının əməkdaşlarının təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.