ELM VƏ TƏHSİL
Müəllif hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, Xalq artisti Polad Bülbüloğluya məxsus olan “Heyif belə oldu” mahnısının yutub platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olub. Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Araşdırma nəticəsində məlum olub ki, “Universal Azerbaijan Music” adlı yutub kanalında “Gəl, ey səhər” albomu formasında yüklənən fayllardan biri “Heyif belə oldu” kompozisiyasıdır. Bəstəkarın digər əsərləri də burada yerləşdirilib. Bu kanal 2018-ci il oktyabrın 25-də “Folklore Azerbaijan Music Academy” adı ilə yaradılıb.
P.Bülbüloğlunun müəllif hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Agentlikdə əlaqəli hüquq sahiblərinin hüquqlarının kollektiv əsasda idarə olunması üzrə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (Beat Music şirkəti üzərindən) ilə birgə “Universal Music Publishing Group” ilə əlaqə saxlanılıb. Görülmüş tədbirlər nəticəsində “Universal Azerbaijan Music” yutub kanalında qanunsuz yerləşdirilmiş əsərlərin silinməsi təmin edilib.