ELM VƏ TƏHSİL


Müəllim hazırlığı sahəsində son illər ADPU-da aparılan ardıcıl islahatlar təqdirəlayiqdir

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Pedaqoji Universitetin fəaliyyət göstərdiyi bir əsr ərzində çox vacib bir missiyanı - cəmiyyət üçün müəllim hazırlamaq vəzifəsi daşıdığını vurğulayıb. Qeyd edib ki, müəllim hazırlığı sahəsində son illər ADPU-da aparılan ardıcıl islahatlar təqdirəlayiqdir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dövlətimizin başçısının “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında bu ali təhsil ocağının fəaliyyətinə olduqca böyük qiymət verildiyini diqqətə çatdırıb. Rektor çıxışında ADPU-nun tarixi inkişafı, keçdiyi zəngin elmi-pedaqoji yol və son dövrlərdə aparılan genişmiqyaslı işlər nəticəsində pedaqoji təhsilin ölkədə yenidən öz nüfuzunu bərpa etdiyini diqqətə çatdırıb. Yubileyin ADPU-nun özünün və cəmiyyətin qarşısında hesabat və yeni strategiya üçün fürsət olduğunu deyən professor C.Cəfərov universitetin qazandığı uğurlar, tətbiq etdiyi yeniliklər və genişlənən xarici əlaqələri haqqında məlumat verib, yeni yüzilliyin ilk beşilliyinin hədəflərindən söz açıb.

ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva Pedaqoji Universitetin tarixi haqqında məruzə edib.

Tədbirdə arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra ADMİU-nun tədris işləri üzrə prorektoru, ADPU-nun məzunu olan professor Validə Məmmədova, kafedra müdirləri, professor Əli Əmirli və digər çıxış edənlər təəssüratlarını bölüşüb və Pedaqoji Universitetin cəmiyyətimizin həyatında müstəsna rolundan danışıblar.

Çıxışlardan sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və ADPU-nun rektoru Cəfər Cəfərov iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqavilə imzalayıblar.

Sonra ADMİU-nun yaradıcı kollektivi ADPU-nun 100 illiyi münasibətilə hazırlanmış xüsusi konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.