İQTİSADİYYAT
Müəllim və şagirdlər internetdə təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirilir
Bakı, 8 fevral, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (NRYTN), Təhsil nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir paytaxtla yanaşı, mərkəzin Şamaxı, Mingəçevir, Gəncə, Lənkəran, Qəbələ və Bərdə regional mərkəzlərində də videokonfrans şəklində təşkil olunub. Çıxış edənlər internetdə təhlükəsizlik məsələləri, eləcə də fərdi xarakterli məlumatların mühafizəsinin informasiya əsrinin prioritetlərindən olduğunu qeyd ediblər.
İştirakçılara məlumat verilib ki, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq məqsədilə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “INSAFE” tərəfindən 2004-cü ildə Təhlükəsiz İnternet Günü təsis edilib. Beləliklə, müxtəlif şüarlar altında dünyanın yüzdən çox ölkəsində Təhlükəsiz İnternet Günü ilə bağlı maarifləndirmə xarakterli tədbirlər keçirilib. Bu il Təhlükəsiz İnternet Günü “Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha yaxşı internet səndən başlayır” şüarı altında keçirilib.
NRYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə 2010-cu ildən həm Təhlükəsiz İnternet Günü, həm də Məlumatların Mühafizəsi Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə, habelə gənclər və uşaqların fəal şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir.
Sonra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış ediblər.