REGİONLAR
Müəllimlər arasında intellektual yarışın qalibləri mükafatlandırılıb
Şabran, 28 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlər arasında keçirilən "Şuşa ili"nə həsr olunmuş intellektual yarışın qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda rayonun 18 məktəbindən 108 müəllim (həmçinin direktorlar) mübarizə aparıb.
İntellektual yarış Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şabran rayon Komitəsinin təşkilatçılığı ilə keçirilib.
İlk mərhələdən sonra final turuna 6 komanda - Rəhimli, Ağbaş kənd tam orta, Hacıqaraqaşlı, Günəşli, Vələsli, 2 nömrəli ümumi orta məktəblərinin komandaları vəsiqə qazanıblar.
Yarışın son nəticələrinə əsasən İ.Abbasov adına Rəhimli kənd tam orta məktəbinin komandası birinci, P.İdrisov adına Ağbaş kənd tam orta məktəbinin komandası ikinci, Hacıqaraqaşlı kənd ümumi orta məktəbinin komandası üçüncü yeri tutub.
Qaliblər fəxri fərman və hədiyyələrlə təltif edilib.