REGİONLAR
Müəllimlər beynəlxalq qiymətləndirmələr barədə məlumatlarını artırırlar
Şəki, 27 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 27-də Şəki şəhərində təhsil işçiləri üçün ilk beynəlxalq qiymətləndirmə düşərgəsinə start verilib. Təhsil İnstitutu və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan düşərgədə regional idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 30 müəllim iştirak edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun nümayəndəsi bildirib ki, düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir.
Düşərgə müddətində müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alacaq, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olacaqlar. Eyni zamanda, düşərgə iştirakçıları şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və sair amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat alacaqlar.
Üç gün davam edəcək düşərgənin sonunda iştirakçılara Təhsil İnstitutunun və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sertifikatları təqdim ediləcək.