ELM VƏ TƏHSİL
Müəllimlər üçün mentor xidməti
Bakı, 22 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib.
Mentor xidmətinin təşkilinin əsas məqsədi məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdir.
İlk dəfə paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün təşkil olunan mentor xidməti “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Xüsusi hazırlıq keçmiş mentorlar müəllimləri qrup məşğələlərində fərdi dinləyir, onlara elmi-metodik, təcrübi dəstək göstərir, müzakirə və seminarlar təşkil edirlər. Həmçinin mentorların iştirakı ilə məktəbəhazırlıq qruplarındakı uşaqlar məntiqi və riyazi təfəkkürün daha yüksək səviyyədə formalaşmasına dair tapşırıqları yerinə yetirir, fiziki cəhətdən inkişafa xidmət edən oyunlar keçirirlər.
Cari ilin oktyabrından start verilən prosesin dekabrda yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri ixtisasartırma təlimlərinə də qatılıblar. Təlimin sonunda imtahandan uğurlu nəticə əldə etmiş müəllimlərə ixtisasartırma təhsili haqqında sertifikat verilib.