REGİONLAR
Müəllimlərin ənənəvi sentyabr konfransında qarşıda duran vəzifələr müzakirə edilib
Şirvan, 5 sentyabr, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Konfransda hesabat məruzəsi ilə çıxış edən şəhər təhsil şöbəsinin müdir əvəzi Rövşən Allahverdiyev bildirib ki, respublikada uğurla həyata keçirilən təhsil islahatı pedoqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub və hamı bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməyə səy göstərir.
Qeyd olunub ki, şəhər üzrə 16 təhsil ocağı mövcuddur. Bu məktəblərdə 11 min 444 şagird təhsil alır, şagirdlərin təlim-tərbiyəsi ilə 907 müəllim məşğul olur. Bu il ümumtəhsil məktəblərini bitirən 708 şagirddən 410 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 225 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Məzunlardan 25 nəfəri 600-dən yuxarı, 34 nəfəri isə 500-600 arası bal toplayaraq tələbə adını qazanıb.
Şəhər icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Elmira Ağayeva çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan natiq Şirvan şəhərində bu istiqamətdə görülən işlər barədə məlumat verib. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açan E.Ağayeva son illərdə şəhərdə bir neçə məktəbin əsaslı təmir edildiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Sonda “İlin müəllimi” və “İlin məktəbi” müsabiqəsinin qalib olmuş 2 müəllim və 2 direktora qiymətli hədiyyələr verilib.