ELM VƏ TƏHSİL


Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması ilə bağlı təlimlərə başlanılıb

Bakı, 6 fevral, AZƏRTAC

İnklüziv təhsil sahəsində icra olunan layihələr çərçivəsində təlim proqramına start verilib. Təlimlərə Bakı, Gəncə və Sumqayıt şəhərlərindən, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından 51 ali məktəb müəllimi cəlb edilib.

Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və UNISEF tərəfindən inkluziv təhsil sahəsində iki layihə icra olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq ekspertlər tərəfindən aparılan təlimin əsas məqsədi layihənin əhatə dairəsinə daxil olan müəllimlərin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir. Təlimdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Leyla Tağıyeva diqqətə çatdırıb ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. Təlimlərdə təqdim edilən yanaşmalar müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqinə əsaslandığından daha çox müəllimin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına nail olunacaq.

Təlimlərdə iştirak edən müəllimlər layihənin növbəti mərhələsində Bakı, Gəncə, Sumqayıt, Qazax, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabadda 1000 nəfər ibtidai sinif müəllimi, 400 nəfər direktor və direktor müavini, ali təhsil müəssisələrinin pedaqoji fakültələrində çalışan 700 nəfər pedaqoq-müəllim və 3300-ə yaxın tələbə üçün təlimlər təşkil edəcəklər.

Təlimlər fevralın 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.