ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 5-dən etibarən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5 min 40 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib.
İyulun 12-də keçirilmiş ibtidai sinif, iyulun 23 və 26-da keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib.
Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.
Təkrar imtahan vermək arzusunda olan namizədlər iyulun 28-i saat 11:00-dan iyulun 30-u saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.