REGİONLAR
Müəllimlərin işə qəbulu üçün test imtahanları başlayıb
Naxçıvan, 1 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün bu il iyunun 30-da elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə 268 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə mövcud olub. Müsabiqədə iştirak etmək üçün 742 namizəd sənəd təqdim edib ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınıb. Ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi (146 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na müvafiq olaraq müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Vakant vəzifənin tutulması üçün müraciət edənlər arasında ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Test imtahanları sentyabrın 16-dək davam edəcəkdir.