ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyənləşdirilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
Qeyd edilib ki, elektron ərizələrin doldurulması, test suallarının cavablandırılması qaydaları, test nümunələri və digər zəruri məlumatlar miq.edu.az saytında yerləşdirilib.
Elektron ərizələrin qəbulu iyulun 17-dək aparılacaq.