ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib VİDEO

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Azərbaycan Texniki Universitetinin idman zalına müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləmək üçün infotur təşkil olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, infotur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, bu il də müəllim olmaq istəyən namizədlərin sayında artım dinamikası müşahidə edilir. İmtahanların mövcud qaydalara uyğun təşkili, obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İmtahan prosesinə xüsusi nəzarət edilir.

Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 min 204 namizəd iştirak hüququ qazanıb. Bu günədək 24 min 456 nəfər imtahanlarda iştirak edib. Həmin namizədlərdən 8 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

Bu gün ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyən namizədlər imtahan verirlər.

Qeyd edək ki, iyulun 8-dən başlanan müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.