ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır YENİLƏNİB VİDEO
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır.
AZƏRTAC xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva prosesi izləyib. O, jurnalistlərə müsahibəsində bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə avqustun 19-da start verilib və 5 gün ərzində 3700 nəfərdən çox namizədin iştirakı nəzərdə tutulub. Bu günə qədər 2632 nəfər müsahibədə iştirak edib. Sonuncu gündə müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin iştirakı gözlənilir.
Nazir müavini diqqətə çatdırıb ki, müsahibədə iştirak edənlərin nəticələri təhlil olunacaq və növbəti həftə ərzində müsabiqədən keçənlərin adları açıqlanacaq. Bu il ilk dəfə olaraq hər bir müsahibə komissiyasına ixtisas müəllimləri ilə yanaşı, psixoloq da cəlb olunub. Məqsədimiz namizədlərin həm ixtisas, pedaqoji biliklərini, həm də psixoloji durumunu qiymətləndirməkdir. Qənaətimiz ondan ibarətdir ki, müsahibədə iştirak edənlər yaxşı nəticələr göstərməklə yanaşı, peşəkar ünsiyyət, yüksək mədəni davranış nümayiş etdirirlər. Bu da bizi sevindirir, çünki müsahibəni uğurla keçən namizədlərimiz Azərbaycan gəncliyinin formalaşmasına, tərbiyə olunmasına öz töhfələrini verəcəklər.
Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi 7300 vakant yer elan edib. Bu yerlər uğrunda 3737 nəfər müsabiqəyə qatılıb.
Xatırladaq ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlərə 8 vakant yer seçmək imkanı verilib. Müsahibə mərhələsində namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdirilir.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.