ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanılıb

Bakı, 16 iyul, AZƏRTAC 

İyulun 16-da ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Müsabiqədə iştirak üçün müraciət edənlərdən 46839 namizədin elektron ərizəsi təsdiqlənib.

Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verəcəyi gözlənilir.

Qeyd edək ki, ibtidai sinif üzrə iyulun 16-dan 19-dək, ingilis dili üzrə iyulun 19-dan 20-dək, alman dili üzrə iyulun 20-də, riyaziyyat üzrə iyulun 23-dən 24-dək, informatika və təsviri incəsənət üzrə iyulun 24-də, Azərbaycan dili və ədəbiyyat üzrə iyulun 25-dən 26-dək, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə iyulun 26-da, tarix və kimya üzrə iyulun 27-də, fizika və texnologiya üzrə iyulun 28-də, biologiya üzrə iyulun 30-da, fiziki tərbiyə üzrə iyulun 30-dan 31-dək, coğrafiya üzrə iyulun 31-də test imtahanları keçiriləcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

Namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.