ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başlayıb
Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun - müsahibə mərhələsinə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 18-dək davam edəcək bu mərhələdə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçiriləcək müsahibələrdə 4 min 337 namizədin iştirakı nəzərdə tutulub.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumları və ümumi dünyagörüşləri yoxlanılacaq. Eyni zamanda, namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Müəllimlərin işə qəbul müsabiqəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.