ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Bakı, 29 iyun, AZƏRTAC

İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanacaq.

Bu proses iyulun 8-dək davam edəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikası vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyulun ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladıqları bal iki təqvim ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.