MƏDƏNİYYƏT
“Müəmmalı bir qətlin üç versiyası” nümayiş edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Dövlət “Yuğ” Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir.
Səhnə əsərində aktyorlar Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid), Elşən Əsgərov (II Şahid) çıxış edib. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.
Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala 3 müxtəlif cavab-yanaşma var. Əslində, hadisə necə baş verib? Tamaşa bu suallara cavab axtarır.