REGİONLAR
Müəssisələrin fövqəladə vəziyyətlərə hazırlığı diqqət mərkəzində saxlanılır
Naxçıvan, 18 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il üçün iş planına uyğun olaraq, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində “Mebel fabriklərində baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim uğurla sona çatıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin keçirilməsinin məqsədi fabrikin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, istehsal sahələrinin dayanıqlı fəaliyyətinin təmin edilməsi, fövqəladə hallarda işçilərin və maddi vəsaitlərin yanğından mühafizəsinin təşkili üzrə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin praktik bacarıqlarının təkmilləşdirilməsidir. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi və digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqə, fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkili də qarşıya qoyulan əsas məqsədlərdəndir.
Təlim uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov təlimdən sonra çıxış edərək bildirib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaq.