İQTİSADİYYAT


Müflis olmuş 4 bankın əmanətçilərinə 641 milyon manatdan çox kompensasiya ödənilib

Bakı, 8 may, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 700 əmanətçiyə 641,45 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

AZƏRTAC Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan bu il mayın 6-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 254,16 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4775 əmanətçiyə 120,99 milyon manat, "NBC Bank" üzrə isə 4244 əmanətçiyə 133,17 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən mayın 6-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 387,28 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5844 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 140,46 milyon manat, "Ata Bank" üzrə 9837 əmanətçiyə isə 246,82 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu ötən il iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

ADIF bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırır ki, vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı bütün lazımi tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.