MƏDƏNİYYƏT
Muğam Mərkəzində ikinci buktreyler festivalının qalibləri mükafatlandırılıb
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində ikinci buktreyler festivalının qalibləri elan olunub. “Kitabı tanıdın, kitabla tanının” devizi ilə keçirilən festival kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ruslan Sabirli festivalın məqsədinin kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı olduğunu söyləyib. Bildirib ki, bu festival gənc yazarları da tanıtmağa imkan verib. Builki festivala Bakı ilə yanaşı, bölgələrdən də buktreyler təqdim edilib, ümumilikdə 36 buktreyler qəbul olunub və münsiflər heyəti tərəfindən qiymətləndirilib. R.Sabirli bəstəkarlar tərəfindən buktreylerlərə musiqi bəstələmək təklifi gəldiyini qeyd edərək 4 buktreylerə musiqi yazıldığını deyib. Həmçinin festival iştirakçılarına ustad dərslərinin keçirildiyini söyləyib.
Sonra qaliblərin adları açıqlanıb. Qaliblər “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Elçin Musaoğlu, Ayaz Salayev və Kənan Məmmədovdan ibarət münsiflər heyəti tərəfindən seçilib. Birinci yerə Elnur Rzayev, ikinci yerlərə Orxan Adıgözəlov və Emin Həsənxanzadə, üçüncü yerlərə isə Qalib Mirzəliyev, Cavidan Əlizadə və Vəli Məmmədov layiq görülüblər. Qaliblərə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı təqdim edilib.
Qalibləri təbrik edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev onlara uğurlar arzulayıb. Kino və kitabı birləşdirən bu layihənin müasir və günün tələbinə uyğun olduğunu söyləyib. Kitaba maraq yaratmağın düşüncə tələb etdiyini vurğulayan Vaqif Əliyev kitaba çağırış aşılayan bu layihəyə marağın daha da artacağını bildirib.
Tədbirdə digər çıxış edənlər də kitabın həyatımızdakı əhəmiyyətli rolundan, mütaliənin vacibliyindən danışaraq, layihəni yüksək qiymətləndiriblər.
Mərasimdə qalib buktreylerlər nümayiş olunub.