Muğam Mərkəzində növbəti konsert Xalq artisti Əlibaba Məmmədovun 90 illiyinə həsr ediləcək
AzerTAg.az
Bakı, 25 yanvar, AZƏRTAC
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq hər il keçirilən “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim ediləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki konserti Xalq artisti, “Şöhrət” ordenli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunacaq.
Layihənin rəhbərləri Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər – xanəndə Təyyar Bayramov, tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovdur.
Layihənin əhatə dairəsi ilbəil genişlənir. 2005-ci ildən reallaşdırılan layihə çərçivəsində təşkil olunan ötən altı konsert onlarla istedadlı ifaçının tanınmasına təkan verib. Layihənin məqsədi gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmalarına yardım etməkdir.
Konsertə biletləri iticket.az saytından və şəhərin bütün kassalarından əldə etmək olar.

Xəbərin mətnində orfoqrafik səhv var