MƏDƏNİYYƏT
Muğam Mərkəzində tanınmış şair Məmməd İlqarın yubileyi qeyd edilib
Bakı, 25 fevral, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində tanınmış şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin aparıcılığı ilə keçirilən yubiley tədbirində ilk olaraq şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra professor Rüstəm Kamal, akademik Nizami Cəfərov, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, AYB Ədəbiyyat Fondunun direktoru Əjdər Ol və digər ədəbiyyat nümayəndələri çıxış edərək şairin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, vətənpərvərlik, milli birlik mövzusu, azərbaycançılıq ideyasının tərənnümü şairin yaradıcılığının ana xəttini təşkil edir. Vətəninə, el-obasına bağlılıq onun yaradıcılığında aydın əks olunur. Azərbaycan oxucusu ilə bərabər türkdilli ölkələrin ədəbiyyatşünasları və poeziyasevərləri də onun yaradıcılığına yaxından bələddirlər. Şair Məmməd İlqar 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub.
Qeyd edilib ki, uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzaları ilə tanış olur və ara sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmağa başlayır. 1991-ci ildə "Məni bəxtimə tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.
Gecədə Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Aşıq Zülfiyyə, aşıqlar Avdı Musayev, Samir Cəlaloğlu, Şaiq İncəli, Şəhriyar Qaraxanlı, xanəndə Rəvanə Qurbanova bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tanınmış söz və sənət adamlarının yaradıcılığına həsr olunan, aşıq sənətinin təbliğinə xidmət edən gecələr təqdim edir. Bu silsilədən klassik ədəbi nümunələrimizi təbliğ edən “Sirlər xəzinəsi”, “Qəzəllər”, “Aşıq musiqisi axşamları” layihələrinin məqsədi milli irsimizi və klassik ədəbiyyatımızı təbliğ etməkdir.