MƏDƏNİYYƏT


Tanınmış xanəndəyə həsr edilmiş ədəbi-bədii musiqili gecə

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən musiqili gecədə Xalq Artisti Ramiz Quliyev çıxış edərək böyük sənətkarın ifasının özəlliklərindən danışıb. O deyib: “Elə sənətkarlar var ki, onların bir və ya bir neçə ifası tarixə düşüb, qəlbləri oxşayıb, əks-səda doğurub. Gözəl səs tempinə malik Məmmədəli Əliyev belə ölməz sənətkarlardandı. Müxtəlif illərdə bir sıra obrazlar yaradan sənətkar yaddaşlara daha çox “Şeyx Sənan” tamaşasında “Kor ərəbin mahnısı”nın mahir ifaçısı kimi həkk olunub. M.Əliyev yaradıcılığı boyu heç nə ifa etməsəydi belə, bu ifa onun nə qədər istedadlı, böyük sənətkar olduğunu sübut edəcəkdi. Yaxşı sənətkar unudulmur, sevilir və yaddaşlarda həmişə yaşayır”.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi sənətkarın aktyorluq məharəti ilə yanaşı, gözəl qəzəllər müəllifi kimi tanındığını qeyd edib: “Məmmədəli Əliyev əruz vəzninin mahir bilicisi idi, onun qəzəllərində bu vəznin bəhrlərinin bütün tələbləri qorunurdu. Peşəkar sənətkarın yaradıcılığı bizim min illik düşüncəmizdən, təfəkkürümüzdən, ruhumuzdan keçib gələn Şərq poetikası, fəlsəfəsi ilə zəngin bir irsdir”.

Daha sonra Əməkdar Artist Hüseyn Məlikov çıxış edərək görkəmli sənətkarın yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Qeyd edilib ki, tanınmış müğənni Məmmədəli Əliyevin (ədəbi təxəllüsü Sail) bizə gəlib çatan irsi məhduddur. O, 300-dən çox müxtəlif janrlarda yazdığı şeirlərin müəllifidir. Akademik Milli Dram Teatrında 22 il fəaliyyət göstərən aktyor müxtəlif illərdə bir sıra yaddaqalan obrazlar yaradıb.

Musiqili gecədə sənətkarın qəzəlləri səsləndirilib, Rövşən Qurbanovun rəhbərliyi altında “Buta” instrumental ansamblının müşayiəti ilə xanəndələrin ifaları dinlənilib.

Tədbirdə, həmçinin Məmmədəli Əliyevin ifasında “Kor ərəbin mahnısı”nın videoçarxı nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.