MƏDƏNİYYƏT
Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə seçim turu başa çatıb
Bakı, 9 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə aparılan seçim turu başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə müsabiqənin münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov məlumat verib.
Onun sözlərinə görə, seçim turları Bərdə, Şəki, Gəncə və İsmayıllı rayonlarında təşkil olunub. Seçim turlarına 400-dək iştirakçı qatılıb. Dörd bölgə üzrə 30 nəfər ikinci tura vəsiqə qazanıb. Bakıda seçim turları fevralın 11-dək davam edəcək.
Xalq artisti Mələkxanım Əyyubova ilk dəfə münsiflər heyətinin tərkibində seçim turlarını izlədiyini bildirib: “Bərdə, Şəki, Gəncə və İsmayıllıda baş tutan seçim turlarında ətraf rayon və şəhərlərin istedadlı gəncləri də iştirak edirdi. Səbir, təmkin və diqqətlə bütün iştirakçıları dinlədik. Seçim turları açıq və tam şəffaf şəkildə keçirildi. Muğam ifaçılığı göz qarşısında olan sənətdir. Hamı dinləyirdi və fikrini bildirirdi. Müsabiqə dövlətimizin adına layiqli bir tədbir, eyni zamanda, bizlər üçün şərəfli bir iş və məsuliyyətdir”.
Qeyd edək ki, Bakıda seçim turu Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və bununla müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi başa çatacaq. Ənənəvi olaraq Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə Novruz bayramı ərəfəsində başlayacaq.