REGİONLAR
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 kilometrlik hissəsinin tikintisi aparılır VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 kilometrlik hissədə tikinti işləri davam etdirilir. Yolun məhz bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2,6 kilometr olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.
Məlumata əsasən, yolun ilk 2 kilometrlik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsu çayınadək olan hissəsində yol 1,1 kilometr, Ağsuçaydan sonrakı hissədə isə yeni istiqamət üzrə yeni Ağsu çay körpüsü və tunel hesabına 1,4 kilometr qısalır.
Hazırda layihənin ilk 7 kilometrlik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndis qurğuları, ümumi uzunluğu 180 metrdən çox olan dairəvi düzbucaqlı suötürücülər də inşa edilir. Layihənin əvvəlində mövcud yolla kəsişmədə dairənin inşası nəzərdə tutulur. Artıq dairə olacaq hissədə dolğu işləri, ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədilə düzbucaqlı suötürücülərin inşası icra olunur.
Sözügedən ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi üçün işlər aparılıb, yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilir.
Yolun 1-3-cü kilometrlik hissəsində sürüşməyə qarşı, qruntun dayanıqlılığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri görülür. Həmçinin yolun 2-ci kilometrlik hissəsini əhatə edən ərazidə qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun yüksək təzyiqlə 10 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4,5-ci kilometrində Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluğunda və 76,5 metr hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.
Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Həmin hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri yekunlaşmaq üzrədir. Ərazidə relyef sürüşməyə meyilli olduğu üçün tunelin giriş portalının xüsusi troslar vasitəsilə qrunta bərkidilməsi işləri də icra olunur. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.
Bundan başqa, layihə boyu ümumi uzunluğu 4 kilometrdən çox olan drenaj sisteminin qurulması və dağüstü küvetlərin inşası davam etdirilir.
Qeyd olunub ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.
Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Layihənin əsas məqsədlərinə isə hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması, iqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi, sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi və regionda turizmin inkişafı daxildir.